Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Adil İsmayılovun fəaliyyəti niyə dayandırıldı? - SƏBƏB

Xəbər verdiyimiz kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkil Adil İsmayılovun intizam pozuntusuna görə fəaliyyətinin 1 illik dayandırılması haqqında qərar verilib. Onun barəsində vəkil həmkarı Sahil Quliyevin şikayəti əsasında intizam icraatı başlandığı bildirilib. Vəkil S.Quliyev A.İsmayılovla aralarında nə baş verdiyini, nə üçün şikayət etdiyinin səbəblərini açıqlayan bəyanatla çıxış edib.

E-huquq.az həmin bəyanatı təqdim edir.

"Vəkil Adil İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşmış, öz vəkil həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədərək, vəkillər üçün məcburi olan etik davranış qaydalarını pozmuş, bu isə öz növbəsində vəkillər arasında haqlı narazılıqlara səbəb olmuşdur. Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etmişdik. Bu şikayətlər Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkillərin və A.İsmayılovun iştirakı ilə tam və hərtərəfli araşdırılmış və qanuna müvafiq qaydada araşdırmanın nəticələrinə dair rəy baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmişdir.

Rəyasət Heyətinin 9 sentyabr 2019-cu il tarixli iclasında İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəyi dinlənildikdən sonra həm vəkil Adil İsmayılov, həm də mən şikayətə dair izahatlarımızı vermişik.

Adil İsmayılov iclasda izahat verərək, “mən yazmışam, düz etmişəm, kim özünə götürür, götürsün” deməklə, şikayətə səbəb olmuş yazıların onun tərəfindən yazıldığını etiraf etsə də, həmin yazılardakı ifadələrin təhqir olmadığını bildirmişdir. Mən isə öz izahatımda vəkillərin və mənim barəmdə Adil İsmayılovun yazılarındakı ifadələrin Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 2.4-cü, 5.3-cü bəndlərinə zidd olduğunu bildirdim.

2.4.- Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

5.3.-Vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir. Rəyasət Heyətinin Sədri Anar Bağırovun barışıqla bağlı təklifinə nə Adil İsmayılov, nə də mənim tərəfimdən müsbət münasibət bildirilmədi. Hətta A.İsmayılov İntizam Komissiyasının rəyi ilə razılaşaraq, fəaliyyəti dövründə bir neçə dəfə töhmət aldığını, baxılan intizam işi üzrə ona bir əlavə töhmətin verilməsinə də razı olduğunu Rəyasət Heyəti üzvlərinə bəyan etdi.

Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti müşavirədən sonra mənim və Adil İsmayılovun iştirakı ilə “Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə” qərarını elan etdi.

Mən bu gün də hesab edirəm ki, bütün vəkillər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, o cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə ciddi riayət etməlidirlər.

Hər bir şəxs, xüsusilə də hüquqşünas, etdiyi hərəkətin məsuliyyətini dərk etməli, başqa şəxslərin hüquqlarını pozmamalıdır", - deyə, bəyanatda qeyd edilib.