Dövlət qulluğuna qəbul imtahanı keçirildi -

6 oktyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

DİM-dən e-huquq.az-a verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oktyabrın 7-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

***

08.43

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

DİM-dən e-huquq.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil edilir.

İmtahan vermək üçün BA qrupu üzrə 472, BB qrupu üzrə 1770 olmaqla, ümumilikdə 2242 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 201 nəzarətçi və 29 buraxılış rejimi əməkdaşı ayrılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Əlavə əşyalar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.