- 19:31 | 30.09.2024
- Digər
Sentyabrın 30-da Bakı Kitab Mərkəzində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin müəllifi olduğu “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitabın təqdimatı keçirilib. Kitab müasir Azərbaycan dövlətinin qurucusu, hüquq islahatlarının banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdir. Kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovdur.
E-huquq.az-ın məlumatına görə, tədbir BDU Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, hüquq elmləri doktoru Turqay Hüseynovun moderatorluğu ilə keçirilib.
Tədbirdə BDU Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent, kitabın müəllifi Zaur Əliyev kitab haqqında məlumat verib. O qeyd edib ki,məhz Ulu öndər Heydər Əliyev tərəfindən hüquq sahəsində milli kadrların hazırlanmasına dair göstərişin verilməsi, eyni zamanda Ulu öndərin bu sahədə keçirdiyi islahatlar hüquq elminin və hüquq təhsilinin yeni mərhələdə inkişafını təmin etdi. Bu sahədə Ümummili liderin formalaşdırdığı siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən müəllif Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin qurucusu olduğunu xüsusi vurğuladı. Müəllif qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndərin xeyirxahlıq və humanizm missiyasını yaşadır və uğurla davam etdirir.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov, Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov, BDU Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rauf Şəmsizadə, Vəkillər Kollegiyası Akademiyasının rektoru, BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru, hüquq elmləri doktoru Əmir Əliyev, BDU Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və b.çıxış etdilər.
Qeyd olundu ki, “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” adlı kitab respublikamızda ilk dəfə olaraq nəşr olunub. Nəşrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan hüquq elmi və təhsilinin inkişafında misilsiz xidmətləri hüquqi-nəzəri aspektdən geniş şəkildə şərh olunub.
Altı fəsildən ibarət olan kitabın I fəslində Ulu Öndər Heydər Əliyevin islahatlarının hüquq elminin inkişafında yeni mərhələnin başlanğıcı kimi əsasları, II fəsildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və konstitusiya hüquq elminin inkişafı, III fəsildə Ulu Öndər Heydər Əliyev və Azərbaycanda insan hüquqları elminin inkişafı, IV fəsildə Ulu Öndər Heydər Əliyevin hüquqi islahatlarının hüquq doktrinasının inkişafına təsiri, V fəsildə Ulu Öndər Heydər Əliyevin hüquq təhsilinin inkişafında rolu: peşəkar və ixtisaslaşmış kadrların hazırlanması, VI fəsildə Ulu Öndər Heydər Əliyev irsinin davam etdirilməsi: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası ətraflı təhlil edilib.
Kitabda həmçinin Ulu Öndər Heydər Əliyevin təhsil, o cümlədən hüquq təhsili haqqında kəlamları da öz əksini tapmışdır.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, hakimlər, prokurorluq əməkdaşları, vəkillər, elm xadimləri, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.