- 11:52 | 29.09.2024
- Vəkillik
27 sentyabr - Anım Günü ilə münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
E-huquq.az xəbər verir ki, sentyabrın 27-də Bakı şəhərində “Pro Bono” Vəkil Bürosu (VB), Gəncə şəhərində Gəncə 1 saylı VB, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Naxçıvan şəhər VB, Naxçıvan ASAN VB və Şərur rayon VB-nin vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.
Həmçinin “Açıq qapı” günü çərçivəsində sentyabrın 28-də Gəncə şəhərində Gəncə ASAN VB və Oğuz rayonunda isə "Mərkəz" VB-nin vəkilləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.
Aksiyada vəkillər tərəfindən ümumilikdə 100-dən artıq vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.
Eyni zamanda ARVK ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq məhkumlara pulsuz hüquqi yardım göstərilib.
Plana əsasən, Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində, 2 saylı istintaq təcridxanasında və Şəki penitensiar müəssisəsində ümumilikdə 124 nəfər məhkum və həbs edilmiş şəxs yaradılmış bu imkandan istifadə edib.
Gəncə 1 saylı, Şəki Regional və Şirvan Regional Vəkil bürolarının vəkilləri tərəfindən onlara mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Vəkillər tərəfindən onlara qanunvericiliyinin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.