Məhkəmə sistemi sahəsində görülmüş işlər müzakirə edildi


  • 15:14

Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin əməkdaşları, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mediasiya Şurasının nümayəndələri və İşçi qrupun digər üzvləri iştirak ediblər.

İclasda işçi qrupun mübahisələrin həlli və məhkəmə sistemi sahəsində 2024-cü ildə görülmüş işlərinin yekunu dinlənilib və 2025-ci il üzrə əsas hədəflərini əks etdirən Yol Xəritəsinin layihəsi müzakirə edilib.

Bildirilib ki, yeni layihədə nəzərdə tutulan tapşırıqlar icra sənədi üzrə icraatın effektivliyinin artırılmasına, prosessual müddətlərin tənzimlənməsinə, statistikanın əlçatanlığının təmin edilməsinə və mübahisələrin həllinin alternativ üsullarının təkmilləşdirilməsinə xidmət edəcək.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupun ötən ildə müvafiq sahədə əhəmiyyətli işlər gördüyünü, həmin fəaliyyətin beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə mühüm töhfə verəcəyini bildirib.

Ədliyyə nazirinin müavini, işçi qrupun rəhbəri Toğrul Hüseynov işçi qrupun ötən ildəki fəaliyyəti ilə bağlı məlumat verərək elektron məhkəmə sisteminin inkişafı, məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və səmərəliliyinin artırılması, mediasiya prosesinin inkişafı və onun rəqəmsallaşdırılması, icra və məhkəmə statistikası ilə bağlı məlumatların açıqlığının təmin edilməsi məqsədilə görülən işləri səsləndirib.

O, həmçinin mübahisələrin ən rahat və çevik həll yollarından olan arbitraj proseslərinin tənzimlənməsi sahəsində ən son yenilikləri qeyd edərək bildirib ki, arbitraj prosesinin həyata keçirilməsi üçün ölkədə mütərəqqi təcrübəyə əsaslanan vahid hüquqi baza mövcuddur:

“Bu proseslərin reallaşdırılması məqsədilə də praktiki addımlar atılır və bu istiqamətdə Bakı Arbitraj Mərkəzi yaradılaraq qeydiyyatdan keçib. Bakı Arbitraj Mərkəzinin yaradılması ölkəmizdə arbitrajın inkişafı üçün əhəmiyyətli vacib element olacaq”.

İclasda eyni zamanda, Dünya Bankı tərəfindən “Mübahisələrin həlli” indikatoru ilə bağlı Azərbaycana ünvanlanmış anket sorğusunun cavablandırılması və bu sahədə ilkin diaqnostika nəticələrinin təqdimatı aparılıb.

Tədbir iclas iştirakçılarının çıxışları və işçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Oxşar xəbərlər