- 12:20 | 15.10.2024
- Məhkəmə
Bakı Dövlət Universitetinin (BDU) professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən Ceyhun Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkil müdafiə çıxışı edib və təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edub. Hökmə əsasən, Ceyhun Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.
Ceyhun Məmmədova qarşı Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu