- 17:04 | 11.10.2024
- Məhkəmə
Ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənməsi, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması istiqamətində mühüm tədbirlər görülür, həmçinin müasir məhkəmə infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamına əsasən Bakı Apellyasiya Məhkəməsinin iş şəraitinin yaxşılaşdırılması məqsədilə məhkəmənin inzibati binasının yeni korpusunun tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb.
E-huquq.az-ın məlumatına görə, 2024-cü il oktyabr ayının 11-də tikintisi başa çatdırılan yeni korpus istifadəyə verilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov binada yaradılmış şəraitlə tanış olub.
Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə ünvanında yerləşən yeni korpus 6 mərtəbədən ibarətdir. Hər mərtəbənin sahəsi 445,5 kv.m olmaqla ümumi sahəsi 2673 kv.m-dir. Korpusun beş mərtəbəsində, ümumilikdə 100 nəfərdən artıq hakimin, hakim köməkçilərinin və məhkəmə iclas katiblərinin yerləşdirilməsi üçün xidməti otaqlar, təlim və seminarların təşkil edilməsi üçün iclas zalı yaradılıb.
Sonra İnam Kərimov Bakı Apellyasiya Məhkəməsinə yeni təyin edilmiş hakimlərlə görüş keçirib. Hakimləri təbrik edən Sədr, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.