- 15:25 | 11.10.2024
- Məhkəmə
Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın məhkəməsinin növbəti prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişin nümayəndəsi - Auditorlar Palatasında auditin hüquqi tənzimləməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov ifadə verib.
O bildirib ki, Palatanın maliyyə hesabatlarında müəyyən çatışmazlıqlar olduğu üçün komissiya təşkil olunub: "Maliyyə hesabatlarında çatışmazlıqlar olduğunu görüb rəhbərliyə bildirdik. Rəhbərliyin qərarı əsasında bu halı yoxlamaq üçün müvəqqəti komissiya yaradıldı. Həmin komissiyanın üzvü olub proseslərdə iştirak etmişəm və 5 illik fəaliyyəti yoxlamışam. İlkin yoxlamalar zamanı Palataya dəyən 543 min manat dəyərində ziyan müəyyən edildi. Rəhbərliklə məsləhətləşdikdən sonra dərhal məlumatı prokurorluğa göndərdik. Prokurorluğun apardığı araşdırmalar nəticəsində dəyən ümumi ziyanın 717 min manat olduğu aşkarlandı. Biz mülki iddia qaldırmışıq və Fəridə Novruzova ilə Gövhər Əhmədovadan şikayətçiyik".
Təqsirləndirilən Gövhər Əhmədova Elnur İbrahimovdan niyə Vəli İbrahimovun yeyintisinin aşkar olunmadığını soruşub.
E.İbrahimov bildirib ki, komissiyanın yoxlamalarında onunla bağlı hal aşkarlanmayıb: "Bizim aktda Vəli İbrahimovun mənimsəmədə iştirakı haqda məlumat olmayıb. Bunu istintaqda müəyyən ediblər. Bununla bağlı hər hansısa sübut aşkarlamamışıq".
Bu zaman hakim Elnur Nuriyev mülki iddanın niyə Vəli İbrahimovdan tələb olunmadığını soruşub.
Zərərçəkmişin nümayəndəsi bildirib ki, ittiham aktında yazılanları qəbul edir: "Prokurorluqda müəyyən edilən 717 min manatdan ödənilmiş ziyanı çıxdıqda məbləğ yenə bizim müəyyən etdiyimizə gəlib çıxır. Buna görə də mülki iddianı ilkin araşdırmamıza görə qaldırmışıq. Ümumiyyətlə, ittiham aktı ilə razıyıq".
Təqdirləndirilən Vəli İbrahimov da bu məsələyə fikir bildirib: "Mənə təqdim olunan sənədlər və kassa çıxarışları saxta olub. Bunu dediyim üçün komissiya bu saxta sənədləri araşdırıb. Bu səbəbə görə prokurorluqda təyin edilən məbləğ ilə bizim aktımızdakı məbləğ arasında fərq yaranıb".
Şahidlərdən təqsirləndirilən Gövhər Əhmədovanın övladları Nərmin ilə Vüsal və digər iki şəxsin iştirakının təmin edilməsi üçün məhkəmə xəbərdarlıq edib.
Bu səbəbə görə proses 1 noyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, siğorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahıllaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən ümumilikdə 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
Orxan Rasifoğlu