Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Lənkəranda icra başçısını öldürməyə cəhddə təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində B.Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.

Şəbnəm Mehdizadə