Bakıda universitet müəllimi 200 minlik dələduzluqda təqsirləndirilir

Külli-miqdarda dələduzluqda təqsirləndirilənlər - Cəbrayıl Qəmbərov və Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Cəbrayıl Qəmbərov həbs edilənə kimi Bakı Biznes Universitetində metodist - müəllim, digər təqsirləndirilən şəxs Zaur Mustafayev isə Bakı şəhərində 116 saylı orta məktəbdə müəllim işləyib.

Sonra cinayət işində olan 10 nəfər zərərçəkən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, cinayət işi ilkin olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Ancaq məlum olub ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yuridiksiyasına aiddir və baxılması üçün aidiyyatlı məhkəmə orqanına göndərilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib və 1 oktyabr tarixinə kimi təxirə salınıb.

Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur. Təqsirləndirilən şəxslər zərərçəkənlərə orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəkləri barədə yalan vəd veriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu