"Dedilər bizə xəstə yönəldəcəksən, gəlirin 20 faizini sənə verəcəyik" - Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsi


  • 11 Sentyabr 17:55

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nuridə Seyidova ifadə verib.

O deyib ki, 2012-ci ildən tibb sahəsi üzrə əmək faəliyyəti ilə məşğuldur. 2020-ci ildə isə həmin sahə üzrə şirkət yaradıb: "Bizim "Antalya Medikal Park" xəstəxanası ilə müqaviləmiz olub. Həmin xəstəxanaya xəstə göndərirdik. Aynur xanımı 2022-ci ildən Fidan xanım vasitəsi ilə tanımışam. Fidan dedi ki, Aynur onların qan daşıyıcısıdır. Aynur xanıma qədər talassemiya xəstələri ilə işləməmişəm. Xəstələri Aynurla Aysel gətirirdi. Bir neçə xəstəxanadan bizə xəstələr göndərilirdi. Mərkəzi Klinikada Tariyel adlı həkim, Mərkəzi Gömrük Hospitalından da Mircəlal adlı transpotoloq var idi. Onlar Aysel xanım vasitəsi ilə bizə xəstə göndərirdilər".

Digər təqsirləndirilən şəxs Aysel Məmmədova isə bildirib ki, Mircəlal doktorla birbaşa Nuridə Seyidova özü görüşüb: "Xəstələrdən əməliyyat pulunun yarısını alıb Nuridəyə verirdim. Nuridə də üstünü düzəldərək xəstələrin əməliyyat olunacağı Mərkəzi Klinika, "Olimp Hospital" və Mərkəzi Gömrük Hospitalına köçürürdü"

Təqsirləndirilən şəxs Anur Bayramova 2018-ci ildən Türkiyədə yerləşən "Antalya Medikal Park" xəstəxanasında qan daşıyıcısı işlədiyini deyib. Onun sözlərinə görə, övladı xəstə olduğu üçün sözügedən xəstəxanaya gedib-gəlirmiş, həmin vaxt tibb müəssisəsindən iş təklifi alıb: ""Antalya Medikal Park"dan Akif hoca Azərbaycana gəlmişdi. O, Talassemiya Mərkəzində xəstələri qəbul edirdi. Xəstəxana ilə əməkdaşlıq o vaxtdan bəri yaranmışdı. Nuridə ilə isə Fidan xanım vasitəsi ilə tanış olmuşuq. Nuridə bizə həmin vaxt 3-4 qaraciyər xəstəsi vermişdi. Onlardan birini əməliyyat da etdirmişdik. "Antalya Medikal Park"ın Səlahəddin adlı əməkdaşı dedi ki, onların Nuridə ilə müqavilələri var. Oradan nümayəndələr gəlməli idi. Ona görə də Nuridəyə "Çinar Plaza"da ofis götürməli olduq. Həmin vaxt xəstəxananın rəhbərliyi dedi ki, bizə xəstə yönəldəcəksən. Oradan gələn gəlirin 20 faizini sənə verəcəyik".

Məhkəmənin növbəti prosesi sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər