"Fikrət müəllimə 7 min pul verdik, nə ev tikildi, nə də pul qaytarıldı" - Bələdiyyə sədrinin məhkəməsi


  • 11 Sentyabr 13:10

Təkrar və külli miqdarda rüşvət almaqda təqsirləndirilən Yeni Suraxanı bələdiyyəsinin sədri Fikrət Quliyevin məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Zərərçəkmiş Dəyanət Ağayevin sözlərinə görə, o və dostu Suraxanı rayonunda torpaq sahəsi alıb: "Bizə dedilər ki, bələdiyyə sədri ilə görüşməlisiniz. Biz hər ikimiz Fikrət müəllimə 7 min pul verdik. Nə ev tikildi, nə də pul qaytarıldı".

Proses zamanı dindirilən digər zərərçəkmiş Fikrət Quliyevə pul verdiyini, ancaq tikintiyə icazə verilmədiyini və dəymiş ziyanın geri qaytarılmadığını bildirib.

Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin olunub.

Qryd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) maddəsilə ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər