Əhməd Əhmədovun məhkəmə prosesi təxirə salındı

Bakıda ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə bu gün keçirilməsi nəzərədə tutulan məhkəmə prosesi təxirə salınıb.

E-huquq.az xəbər verir ki, buna səbəb Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilməli olan prosesə təqsirləndirilən şəxsin gətirilməməsi olub.

Proses oktyabrın 8-nə kimi təxirə salınıb.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilir. Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.

Orxan Rasifoğlu