“Femida Könüllüləri” Təşkilatı birillik fəaliyyəti ilə bağlı hesabat verdi


  • 10 Sentyabr 14:10

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova AZƏRTAC-a müsahibəsində təşkilatın ötən bir ildə gördüyü işlərlə bağlı məlumat verib.

Müsahibəni təqdim edirik...

- Nilgün xanım, “Femida Könüllüləri” Təşkilatı bir il bundan əvvəl bu günlərdə cəmiyyətə bir layihə olaraq təqdim edilib və hazırda hüquq sahəsində təhsil alan gənclər üçün yetərincə ciddi bir platformaya çevrilib. Ötən müddətdə gördüyünüz işlərlə bağlı məlumat verməyinizi istərdik.

- Bəli, ötən il sentyabrın 1-də “Femida Könüllüləri” Təşkilatı bir layihə olaraq cəmiyyətə təqdim olundu. Bu təşkilatın yaradılmasında məqsəd Azərbaycanda hüquq sistemində gənclərin iştirakının artırılması, onların öncə məhkəmə-hüquq sistemində, daha sonra isə hüquq sistemində müasir əmək bazarına uyğunlaşdırılması idi. Bu niyyətlə biz bir aydan sonra, yəni oktyabr ayında ilk fəaliyyətimizi qurduq. İlk fəaliyyətimiz Bakı şəhərinin Yasamal və Nərimanov Rayon məhkəmələri, Bakı Ağır Cinayətlər Məhkəməsi, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasında başladı.

Onu da vurğulamaq istərdim ki, təşkilatımızın formalaşmasında və məqsədlərə çatmağımızda Ali Məhkəmənin ciddi dəstəyi olub. Bu müddət ərzində Ali Məhkəmə təşkilat tərəfindən həyata keçirilən fəaliyyətlərdə elmi-metodiki baza, infrastruktur və digər zəruri məsələlərdə dəstəyini heç vaxt əsirgəməyib. Bu xüsusda Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına gənclərə yaratdığı şərait üçün təşəkkür edirik.

Fəaliyyətin ilkin fazası pilot layihəsi oldu. Könüllülər 2 mərhələli, hər biri 2 ay olmaqla ümumilikdə 4 aylıq fəaliyyətdə oldular. Daha öncə də tələbələr fərdi olaraq məhkəmələr və ya digər orqanlara müraciət edərək müəyyən bir müddət könüllü fəaliyyət göstərirdilər. Sual yarana bilər ki, bəs təşkilatın yaranmasında əsas zərurət nə idi. Biz fəaliyyət qurduğumuz (göstərdiyimiz) andan etibarən öz-özlüyümüzdə bu suallara cavab verdik. “Femida Könüllüləri”nin fəaliyyətinin, ümumilikdə, zərurəti haqqında şəxsən bir hüquq fakültəsinin tələbəsi olaraq deyə bilərəm ki, hüquq təhsili alan gənclər konkret vahid və peşəkar bir platforma vasitəsilə həm özlərini praktiki cəhətdən inkişaf etdirə bilər, həm də geniş hüquqşünas şəbəkəsinin bir parçası ola bilərlər. Bilirik ki, cəmiyyətimizdə bütün qapılar gənclərimizə açıqdır. Amma bu vahid platforma həm könüllülərin fəaliyyətdə olduqları qurumların işinin asanlaşdırılması, həm də könüllülərin fəaliyyətinin daha əlçatan edilməsinə xidmət göstərir.

- Pilot layihəsindən sonrakı mərhələlər necə davam etdi?

- Biz pilot layihəsi zamanı müəyyən analizlər etdik, könüllülərin fikir və təkliflərini də nəzərə aldıq və nəticədə fəaliyyətin müddətinin 3 aya uzadılmasına, fəaliyyət günlərinin isə 4 günə endirilməsinə qərar verildi. Bundan əlavə, artıq yanvar ayında “Femida Könüllüləri” Təşkilatı və Məhkəmə-Hüquq Şurası arasında memorandum imzalandı. Bununla belə, məhkəmə modulu üzrə fəaliyyətimizin dairəsi daha da genişləndi. Memorandum vasitəsilə könüllülərimiz artıq Bakı, Abşeron, Sumqayıt ərazi vahidləri üzrə yerləşən bütün müxtəlif instansiya məhkəmələrində və Məhkəmə-Hüquq Şurasında fəaliyyətdə olma şansı əldə etdi. Həmçinin yanvar ayından etibarən fəaliyyətimiz daha sistematik formatda: STEP I və STEP II mərhələləri ilə davam etdi. STEP I mərhələsi üzrə könüllülərimiz rayon və ixtisaslaşmış məhkəmələr olmaqla birinci instansiya məhkəmələrində, STEP II mərhələsi üzrə isə yuxarı instansiya məhkəmələrində və Məhkəmə-Hüquq Şurasında fəaliyyətdə oldular.

Daha sonra biz bəzi təhlillər nəticəsində belə qənaətə gəldik ki, hüquq sahəsində könüllü fəaliyyət yalnız məhkəmələrlə çərçivələnməməlidir. Vəkillik fəaliyyəti məhkəmə prosesinin ayrılmaz subyektidir. Qərar məhkəmələr tərəfindən verilsə də, ədalət mühakiməsində vəkil mövqeyi ciddi rol oynayır. Beləliklə, aprelin 24-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə memorandum imzalandı. İyulun 1-dən etibarən STEP I mərhələsi üzrə 60-a yaxın könüllümüz müxtəlif vəkil bürolarında fəaliyyətə başladı.

Təbii ki, fəaliyyət dairəmiz bununla kifayətlənmədi. Bilirik ki, ədliyyə fəaliyyəti hüquq sisteminin ən vacib komponentlərindən biridir. Məhkəmə qərarlarının icrası, hüquqi sənədlərin hazırlanması və hüququn tətbiqi kimi proseslər ədliyyə sisteminin əsasını təşkil edir. Buna görə də mayın 8-də “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlığa dair memorandum imzalandı. Sentyabrın 16-dan ədliyyə modulunun STEP I mərhələsi üzrə yerli icra, qeydiyyat və probasiya qurumlarında könüllülərimizin fəaliyyətə başlaması gözlənilir.

Bundan əlavə, bilirik ki, yay tətili ərzində gənclər 2 aydan çox müddətdə həm valideynləri ilə vaxt keçirmək, həm də özünü inkişaf etdirmək üçün şərait əldə edirlər. Bu müddət ərzində hüquqşünas gənclərin həm yay tətillərində asudə vaxtlarını səmərəli keçirməsi, həmçinin də ailələri ilə vaxt keçirə bilmələri üçün iyulun 1-dən avqustun 15-dək 62 nəfər “Femida Könüllüsü” 28 müxtəlif regionda 45 günlük intensiv proqramı vasitəsilə STEP I və ya STEP II mərhələsini başa vurma şansı əldə etdilər.

Ümumilikdə 1 il ərzində 357 məzun könüllümüz olub və hazırda 163 cari könüllümüz var. Bu günə qədər isə 1200-dən çox ümumi qeydiyyat daxil olub.

- Bəs ümumi fəaliyyətlə yanaşı könüllülərin şəxsi və peşəkar inkişafları üçün hansı addımlar atırsınız?

- Layihələrimiz davamlı xarakter daşıyır və müxtəlif istiqamətlərdə həyata keçirilir. Bunlara “Legal Meetup”, “Arbitrain”, “Femida TV”, “Gündəlik Hüquq”, “Dəyirmi Masa” və “Legal Ring” aiddir. “Legal Meetup” layihəsinin məqsədi hüquq sahəsində ixtisaslaşmış hüquqşünaslarla görüşlərin təşkili, könüllülərin nəzəri biliklərlə yanaşı, praktiki məlumatlıq səviyyəsinin artırılmasıdır. Bu görüşlərdə indiyədək İkram Kərimov, Çingiz Əsgərov, Səbinə Əliyeva, Anar Bağırov, Əsəd Mirzəliyev və Nizami Səfərov kimi peşəkar hüquqşünas və rəhbər şəxslər iştirak edib. “Arbitrain” layihəsinin məqsədi arbitraj hüququ sahəsində ilkin anlayış və prinsiplər haqqında məlumat almaqdan ibarətdir və bu yaxınlarda layihənin ikinci hissəsinin başlaması nəzərdə tutulur. “Femida TV” isə gənc hüquqşünasların, o cümlədən digər gənclərin hüquq sahəsində çalışan mütəxəssislərlə kommunikasiyanın möhkəmləndirilməsi, onların bu sahədə peşəkar fəaliyyətə marağının daha da artırılması məqsədi daşıyır. “Gündəlik hüquq” layihəsi vasitəsilə biz sosial media şəbəkələri, əsasən də “Whatsapp” vasitəsilə könüllülərimiz, habelə vətəndaşlarla gündəlik olaraq aktual hüquqi məsələləri, məlumatları paylaşırıq. “Dəyirmi Masa” layihəsi vasitəsilə “Femida Könüllüləri” müvafiq mövzular ətrafında müxtəlif ölkələrin qanunvericiliklərini, presedent hüquqlarını və beynəlxalq konvensiyaları müqayisə edərək real kazuslara tətbiqetmə şansı qazanırlar. Layihə çərçivəsində təlimlərin müxtəlif hüquq sahələrinə aid olaraq davam etdirilməsi planlaşdırılır.

Təbii ki, layihələrin təşkili zamanı bir hüquqşünasın yiyələnməli olduğu digər xüsusiyyətləri və bacarıqları da nəzərə alırıq. Məsələn “Legal Ring” layihəsi və Debat Turnirlərinin əsas məqsədi könüllülərin intellektual düşüncə qabiliyyətlərini formalaşdırmaq, onların natiqlik bacarıqlarının inkişaf etdirilməsidir.

Digər bir yeni və böyükmiqyaslı layihəmiz “DİVAN” Milli Məhkəmə Simulyasiyasıdır. Layihə hüquqşünas gənclərin nəzəri və praktiki biliklərini artırmaq, onların natiqlik, detallarla işləmə, sübutetmə və inandırma kimi bacarıqlarını inkişaf etdirə biləcəyi müsabiqə platformasıdır. Həmin layihə ilə bağlı ətraflı məlumat yaxın zamanda sosial media şəbəkələri və media subyektləri vasitəsilə cəmiyyətə çatdırılacaq.

Qeyd etmək istərdim ki, bundan sonrakı fəaliyyətimiz də indiyədək olduğu kimi, ölkəmizdə hüquqşünas gənclərin peşəkar inkişafına, cəmiyyətimizin hüquqi cəhətdən daha da maarifləndirilməsinə, vətənpərvər, konstruktiv düşüncəli və qlobal hüquq mexanizmlərini operativ təhlil edərək tətbiq edə bilən gənc hüquqşünas şəbəkəsini formalaşdırmaqdır. Bununla yanaşı, digər bir hədəfimiz hüquq sahəsində gənc kadrların formalaşdırılması üzrə beynəlxalq nümunəyə çevrilərək, digər ölkələrdə Azərbaycan nümunəsini tətbiq etməkdir.

Oxşar xəbərlər