- 12:32 | 09.09.2024
- Məhkəmə
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Davidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Təqsirləndirilən şəxsin vəkili Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, K.Davidovun əməlində cinayət tərkibi olmadığına görə onun barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Belə ki, K.Davidov idarə etdiyi "KİA Pride" markalı avtomobillə hərəkətdə olarkən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yolu keçmək istəyən 53 yaşlı piyada Yaşar Ağayarovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə