Keçmiş bələdiyyə sədri külli miqdarda dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verdi


  • 6 Sentyabr 16:49

Vətəndaşlara qanunsuz torpaq sataraq külli-miqdarda dələduzluqda təqsirləndirilən Pəhlivan Gülalıyev, Azər Mirzəyev və Yusif Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Prosesdə Ağasəf Rəhimov şahid qismində dindirilib. O bildirib ki, zərərçəkmiş şəxslərdən heç kimə torpaq satmayıb: "Həmin ərazi bizim ərazi deyil. Mənim imzamı saxtalaşdırıblar, həm də həmin ərazinin bizə aidiyyatı yoxdur. Təqsirləndirilən şəxslərdən heç kimi tanımıram. 2004-cü ildən 2010-cu ilə kimi Yeni Suraxanıda bələdiyyə sədri olmuşam, indi isə bələdiyyə sədri oğlum Fuaddır. Mən işləyən illərdə Bakı Şəhər İcra Hakimiyyəti ümumilikdə 4 hektar bizim bələdiyyəyə torpaq ayırıb. Onu da 3 və 6 sotdan vətəndaşlara vermişəm. Təqsirləndirilən şəxslərin heç biri bələdiyyəyə torpaqla bağlı müraciət etməyib".

Təqsirləndirilən şəxslər də keçmiş bələdiyyə sədri olan şahidi tanımadıqlarını qeyd ediblər.

Zərərçəkmiş şəxsin vəkili mülki iddia ilə bağlı vəsatət verib.

Qeyd edək ki, ümumi ziyan 55 min manatdır, onun 10 min manatını təqsirləndirilən şəxslər ibtidai istintaq vaxtı ödəyiblər.

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sahibkar Pərvin Süleymanovun şikayəti əsasında Gülalıyev Pəhlivan Gulalı oğlu, Mirzəyev Azər Əlif oğlu və Balayev Yusif Qətdal oğluna qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda törədilməklə dələduzluq etmə) və 310-cu maddəsi ilə cinayət işi başlanıb. Belə ki, adları çəkilən şəxslər Pərvin Süleymanova Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qanunsuz torpaq satıblar.

Orxan Rasifoğlu

Oxşar xəbərlər