Qazaxıstanın Baş prokurorunun müavini ölkəmizə işgüzar səfərə gəlib -

Qazaxıstan Respublikası Baş prokurorunun müavini Jandos Umiraliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluqdan e-huquq.az-a verilən xəbərə görə, ikitərəfli görüşdə Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında olan qarşılıqlı etimad və dialoqun mühüm rol oynadığını vurğulayıb. Cari ilin 11-12 mart tarixlərində Qazaxıstan Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi xalqlarımızın qardaşlığının daha bir göstəricisi olduğu qeyd edilib.


Həmçinin, Baş prokuror bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, 2023-cü ildə isə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu,dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Kamran Əliyev cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçirələciyini və bununla bağlı qazaxıstanlı həmkarı Berik Asılova dəvət məktubu ünvanladığını bildirib.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Jandos Umiraliyev iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.

Baş prokurorun müavini Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün vacibliyi vurğulayaraq, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.