Vyetnamda evin bünövrəsindən kütləvi əsgər məzarı tapılıb

Vyetnamın Gia Lai əyalətində evin təməli üzərində aparılan işlər zamanı 32 əsgərin kütləvi məzarlığı tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, evin bünövrəsində aparılan qazıntı zamanı çoxlu sümük parçaları aşkar edən ev sahibi səlahiyyətlilərlə əlaqə saxlayıb.

Əyalət hərbi komandanlığı kütləvi məzarlıqda tapılan 32 insan qalıqlarının Vyetnam əsgərlərinə aid olduğunu təsdiqləsə də, əsgərlərin hansı müharibədə həlak olduğunun hələ müəyyən edilmədiyini açıqlayıb.

Bölgəyə ezam olunan istintaq qrupu evin bünövrəsindən sümük qalıqları ilə yanaşı, müharibə dövrünə aid düymələr, rezin ayaqqabı altlığı və güllələr kimi əşyalar aşkar edib. İstintaq qrupu bölgədə aparılan qazıntı işlərini genişləndirib.

Şəbnəm Mehdizadə