İran İsrailə raket zərbələri endirir: Ölən və yaralılar var - YENİLƏNDİ


  • 22:19

İranın raket hücumu nəticəsində İordan çayının qərb sahilində bir fələstinli ölüb.

E-huquq.az xəbər verir ki, İranın İsrailə hücumu zamanı İordan çayının qərb sahilindəki Yerixo yaxınlığındakı Nueima kəndində bir nəfər raket qəlpələrindən ölüb.

İsrail fövqəladə hallar xidmətlərinin yaydığı məlumata görə isə, raket hücumu nəticəsində 2 nəfər yaralanıb.

***

22.03

İranın Təl-Əvivə raket hücumu nəticəsində 2 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail fövqəladə hallar xidmətləri məlumat yayıb.

Ölüm faktı qeydə alınmayıb.

***

21.13

İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Jerusalem Post məlumat” yayıb.

İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.

***

21.06

İranın atdığı raketlər İsrail hava məkanına daxil olmağa başlayıb.

E-huquq.az xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.

İsrail mənbələri Təl-Əvivin bəzi nöqtələrinin vurulduğunu bildirir.

İran dövlət mediası İsrailə hücumu təsdiqləyib

İran İsrailə qarşı raket zərbələri endirir.

Bu barədə İran dövlət mediası məlumat yayıb.

***

20.50

İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.

***

20.19

İran yaxın saatlarda İsrailə hücum edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ və İsrail rəsmiləri “New York Times“a bildirib.

ABŞ rəsmisi bildirib ki, Birləşmiş Ştatlar İranın mümkün hücumuna qarşı İsraili müdafiə etməyə kömək etməyə hazırlaşır.

İsrail rəsmiləri isə qeyd edib ki, İranın hücumu Təl-Əvivin şimalında 3 hərbi hava bazası və kəşfiyyat qərargahına ediləcək.

Rəsmilər İranın ballistik raket hücumunun 12 saat ərzində olacağına inandıqlarına bildiriblər. Hücumun PUA və raketlərlə ediləcəyi vurğulanıb.

Qeyd edək ki, ABŞ-nin İsraildəki səfirliyi yüksək səviyyəli xəbərdarlıq edib. Diplomatik korpusun əməkdaşlarına sığınacaqlarına girməyə hazır olmaq tapşırılıb. Bu, İranın ötən aprel ayında İsrailə hava hücumundan sonra ilk belə xəbərdarlıqdır.

Oxşar xəbərlər