“Narinin cəsədini gizlətdikdən sonra evdə namaz qıldım” - İfadələrin tam mətnləri


  • 10 Sentyabr 22:02

Son günlər Türkiyə mediasına damğa vuran 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar məlum olub.

E-huquq.az xəbər verir ki, saxlanılanlar arasında olan Nevzat.B. adlı şəxsin hüquq-mühafizə orqanlarına verdiyi ifadənin tam mətni ortaya çıxıb.

Həmin ifadəni təqdim edirik:

“Avqustun 21-də kəndin su təchizatının kəsilməsindən sonra muxtar Səlim Gürana (red.- Narin Güranın əmisi) zəng etdim. Səlim Güran problemlə bağlı səlahiyyətlilərə müraciət edəcəyini dedi. Daha sonra öz maşınımla evdən çıxdım. Bir qədər sonra 47 nömrəli ağ rəngli “Renault” markalı avtomobillə arxamda Səlim Güranı gördüm. Su problemi ilə bağlı mənə nəsə deyəcəyini düşündüyüm üçün onu gözlədim.

Bu zaman Səlim Güran maşının ön sərnişin oturacağında ədyala bükülmüş bir şeyi mənə göstərərək “Bunu məhv edəcəksən!” dedi.

Onun işarə etdiyi yerə yaxınlaşanda gördüm ki, kimsə bükülmüş halda hərəkətsiz uzanıb. Onun insan olduğunu anlayanda təəccübləndim və tərəddüd etdim.

Səlim Güran mənə “Ailəni yaxşı düşün. Sənə 200 min TL (təxminən 10 min AZN) verəcəm” dedi.

O vaxt ətrafımızda heç kim yox idi. Sonra məndən soruşdu: “Maşında çanta var?” Onda maşının yük yerindən rəngi yadımda olmayan çuval çıxarıb Səlimə verdim.

İkimiz birlikdə cəsədi büküb çuvalın içinə qoyduq. Bu zaman uşağın əynində qara köynək və şortik var idi. Üstündən də kiçik bir çanta asılmışdı. Uşağı çuvala qoyanda sağ qulağının arxasında, boyun nahiyəsində səpgilər gördüm.

Muxtar Səlim Güran yola düşməzdən əvvəl əli ilə mənə Əyərtutmaz çayına tərəf işarə verdi.

Onu basdırıb evə dönəndə artıq kənd camaatı təşvişə düşmüşdü. Anam və həyat yoldaşım Narini axtarırdılar. Mənə yaxınlaşanda isə yuxarıda təsvir etdiyim hadisə ilə bağlı heç nə demədim.

Evə girib namaz qıldım, sonra Narinin axtarışlarında iştirak etdim. Axtarışlarda onun əmisi Səlim Güran da var idi. İkimiz də axtarış-xilasetmə qruplarına qoşulub saxta axtarış apardıq”.

Qeyd edək ki, avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən 8 yaşlı Narin Güranın cansız bədəni bir neçə gün öncə yaşadıqları məhəllədən təxminən iki kilometr aralıda dərə yatağında aşkarlanıb. Onun qətli ilə bağlı əmisi Səlim Güran başda olmaqla bir neçə ailə üzvü və tanışı şübhəli qismində saxlanılıb.

***

Narinin əmisi Səlim Güranın da məhkəməyə verdiyi ifadənin tam mətni ortaya çıxıb. Maraqlısı isə budur ki, onun polisə verdiyi ifadə ilə məhkəmə qarşısındakı açıqlamaları arasında böyük ziddiyyətlər olub.

Səlim Güranın ifadəsini təqdim edirik:

“Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və prokurorluğa ifadə vermişəm. İfadəm alınanda yuxusuz və ac idim. Ona görə də bilmirəm ki, dediklərim doğrudur, ya yox. “0530...” nömrəli telefon xətt mənə məxsusdur. “47...” nömrə nişanlı avtomobil isə qardaşım Fuad Güranın adınadır. Mən həmin maşını təxminən 5-6 gün sürmüşəm. Hadisədən 10 gün əvvəl oğlum Devran Güran mənim “Broadway” markalı avtomobilimlə qəza etmişdi deyə, qardaşım Fuadın avtomobilini özüm sürürdüm.

Biz 6-sı doğma, 3-ü ögey olmaqla, 9 bacı-qardaşıq. Narin mənim öz qardaşım Arifin qızıdır. Hadisə baş verən gün Narini görmədim. Son hadisədən bir neçə gün əvvəl bacım oğlunun nişan məclisi var idi, Narini orada görmüşdüm. Mən hər gün tezdən durub tarlaya gedən adamam. Kəndin muxtarıyam.

Həmin günü sübh tezdən tarlada olmuşam. Sonra səhər saat 10:00 radələrində evə gəldim və ailəmi şəhərin mərkəzinə apardım. Qayıdandan sonra bütün günü tarlaya gedib orada işləmişəm.

Saat 20:00 radələrində mən və oğullarım tarlada işləyərkən qızım Gizəm mənə zəng edib Narinin itdiyini dedi. Bundan sonra kəndə getdik.

Hadisə baş verən gün saat 18:00-20:00 arasında Hüseyn Güran adlı əmimin yanına getdim və onu qarşıladım. Mərsindən gəlirdi. Onunla çox qalmadım. Orada olarkən oğlum Mehmet Səlim Atasoy mənə zəng edərək şübhəli bir avtomobilin gəlib-getdiyini dedi. Maşına mindim getdim onların yanına. Çatanda gördüm ki, keçmiş muxtar Mehmet Sad Karaçoşanın nəvələri maşın sürməyi öyrənirlər.

Bayaq dediyim kimi qızım Gizəm zəng edəndən sonra Mehmet Səlimlə kəndə getdik. Biz kəndə gedəndə camaat toplaşmışdı. Polislər gələnə kimi məktəbin kameralarına baxdıq. Daha sonra saxlanıldığım günə qədər axtarışlarda şəxsən iştirak etdim.

Hadisə baş verən gün telefonla danışdığım şəxslər bunlardır: Kurtuluş Güran, S. Kaçar, Mehmet Selim Atasoy, Ramazan Atasoy, Mehmet Şerif Güran, Ersin Karadaş, Gizem Güran, Devran Güran, bunlar yadımdadır.

Narinin anası Yüksəl bizim uzaq qohumumuz düşür. Həmin şəxsin telefon nömrəsi mənim əlaqə siyahımda qeyd olunmayıb. Onunla heç bir münasibətim olmayıb. Narinə gəldikdə isə ona kiminsə cinsi istismar edib-etmədiyini bilmirəm, məncə, belə bir şey olmayıb.

Yaxşı vəzifə sahibi olduğum üçün maddi sıxıntım da olmayıb. Narinin atası, qardaşım Arifdən alacağım var idi. Ona borclu olmamışam.

Hadisədən 10-15 gün əvvəl telefonuma səsyazma proqramı yükləmişdim. Səsyazıları silməmişəm, amma hadisə baş verən gün etdiyim zəngləri silmişəm.

Hadisə baş verən axşam qardaşım Arifin tövləsindən 380 güllə tapıldı, bu barədə mənə məlumat verdilər. Gərək zəngləri silməzdim.

Bizim ailədə hamı bir-birinin maşınına minir. Bu səbəbdən Narin idarə etdiyim maşına minmiş ola bilər. DNT izləri də bəlkə buna görə aşkarlanıb.

Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Narini oğurlamamışam, öldürməmişəm. Bu hadisəyə görə heç kimdən şübhələnmirəm. Əlavə edə biləcəyim başqa bir şey yoxdur. Məhkəmə müddəaları əsasında azadlığa buraxılmağı tələb edirəm”.

Oxşar xəbərlər