Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

VK-100: “Bunun özü elə inkişaf deməkdir”

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin 19.07.2018-ci il tarixli qərarı ilə hər ilin 30 iyul günü “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” kimi qeyd olunur. 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinin məlum qərarı ilə “Azərbaycan Respublikası vəkillərinin peşə bayramı günü” olaraq müəyyən olunub. Bu il isə Azərbaycan vəkilliyinin 100 illik yubileyidir. Uzun tarixi yol keçmiş bu peşə sahibləri hazırda Azərbaycanda vəkillik fəaliyyətini necə qiymətləndirir? Keçmişdən bu günədək bu sahədə hansı irəliləyişlər əldə olunub? 

E-huquq.az bu sualla vəkillərə müraicət edib. 

Vəkil Muxtar Mustafayev e-huquq.az-a açıqlamasında vəkillik fəaliyyətində son illərdə əldə olunan uğurlardan danışıb. O bildirib ki, hər şeydən öncə bu sahədə şəffaflıq təmin olunub: “Son illərdə ölkədə vəkillərin sayı 2 dəfə artıb. Vəkillər Kollegiyasının elektron sənəd dövriyyəsinə başlanılıb. Vəkillərin elektron kabinetinin yaradılması, təlimlərin keçirilməsi, vəkil qurumlarının sayının artması və sair müsbət addımlar sırasındadır. Vəkillər ictimai təşkilatlarda fəal iştirak edirlər. Eyni zamanda biz beynəlxalq təşkilatda təmsil olunuruq. Regionla və beynəlxaq tədbirlərdə iştirak edir, öz mövqeyimizi bildiririk. Vəkil ofislərinin sayının artmasını da vurğulamaq istərdim. Gəncədə, Şəkidə, Şirvanda yeni ofislərin istifadəyə verilməsi də bunun göstəricisidir. Bütünlükdə Vəkillər Kollegiiyasının maddi texniki təchizatının gücləndirilməsi üçün ciddi işlər görülüb. Vəkillər Kollegiyası mülki prosessual qanunvericiliyə, cinayət prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı özünün təkliflərini hazırlayıb. Bütün bunlar göstərir ki, bu gün vəkilliyin nüfuzu xeyli dərəcədə artıb”. 

Vəkil Adəm Məmmədov isə vəkilliyin inkişafının fərdi amillərdən asılı olduğunu söyləyib. O, eyni zamanda vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsini bu sahədə təqdirəlayiq addım kimi qiymətləndirib. “Vəkillik fərdi məsələdir. Hər bir vəkilin özünün peşə fəaliyyəti, öz nüfuzu və özünəməxsus peşəkarlığı var. Ona görə də bu sahədə inkişaf hər vəkilin özündən asılıdır. Ümumilikdə isə Vəkillər Kollegiyasının maddi texniki bazasının təkmilləşdirilməsi, vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi, məhkəmələrin qəbul etdiyi müstəqil qərarlar və sair bu sahədə inkişafın göstəricisidir. Son illərdə vəkilliyin fəaliyyəti daha çox gözə çarpır. Yəni belə bir qurumun mövcudluğu özünü daha çox göstərir”.

Vəkil Elvin Səlimov gənclərin vəkilliyə cəlb olunmasının bu sahəyə yeni nəfəs gəlməsinə səbəb olduğunu bildirib. E. Səlimov qeyd edib ki, son illərdə görülən işlər vəkilliyin nüfuzunu artırıb.

“Vəkilliyin tarixinə nəzər salsaq, görərik ki, bu 100 ilin ilkin dövrləri müharibə, işğal dövrünə düşüb. Daha sonra Azərbaycanın SSRİ-nin tərkibində olması və necə idarə olunması aydın məsələdir. Orda vəkillikdən hər hansı bir söhbət getmirdi. Tək-tək vəkillər var idi ki, böyük nüfuz qazanmışdı. Amma bu gün böyük nüfuz, etibar qazanmış belə vəkillər onlarladır. Hesab edirəm ki, 90-cı illərə qədər vəkillik fəaliyyətində durğunluq olub. Bildiyiniz kimi, vəkillik Ədliyyə Nazirliyinin tərkibində olan bir qurum olub. 90-cı illərdən sonra bu sahədə bir yenilənmə yaşanmağa başladı. 2000-ci illərdən sonra isə ümumilikdə vəkilliyə bir nəfəs gəlməyə başladı. Bu, vəkillər və vəkillik haqqında qanunun qəbul olunması, ondan sonrakı fəaliyyət, vəkilliyin hər hansı bir dövlət qurumunun tərkibində deyil, tam müstəqil bir qurum kimi fəaliyyət göstərməsi ilə baş verdi. 2017-ci ildə kollegiyaya yeni rəhbərliyin gəlişi ilə xeyli irəliləyiş baş verdi. Burada artıq yeni düşüncəli və daha çox iş görmək istəyən insanların olması özünü göstərdi. 2000-ci illərdə vəkilliyə gəliş daha zəif idi, hüquqşünasların bu sahəyə marağı az idi. Amma yeni rəhbərliyin gəlişi ilə bu münasibət dəyişdi. Bu gün hər şey göz qabağındadır. Ölkədə vəkillərin sayı 800-dən 1600-1700 nəfərədək artıb. Bunların arasında gənclər üstünlük təşkil edir. Eyni zamanda yeni vəkil qurumları fəaliyyətə başlayır. Vəkil qurumlarına dövlətin qanunvericilik orqanı, icra hakimiyyəti orqanları tərəfindən artıq maraq yaranmağa başlayır. Yəni başa düşürlər ki, vəkillik qurumu kənarda qala biləcək bir qurum deyil. Bunun özü elə inkişaf deməkdir" - deyə, vəkil vurğulayıb.