Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bugün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişatı, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib.

İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə, o cümlədən, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.

Eyni zamanda, iclasda vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına hüquqi yardımın növbəlilik üzrə həyata keçirilməsinin vahidləşdirilməsi, o cümlədən, könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardım göstərmək niyyətində olan vəkillərin noyabr ayının 1-dək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə biləcəkləri barədə qərar qəbul edilib.

Bundan başqa, iclasda Vəkillərin İntizam Komissiyasının sabiq üzvü, mərhum vəkil Sərdar Qasımovun adının “Vəkillərin şərəf kitabı”na daxil edilməsi qərara alınıb.

İclasda həmçinin bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.