Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Məhkəmə ana-oğul arasındakı mülk davası ilə bağlı qərar verib

Azərbaycanda ana övladını məhkəməyə versə də məhkəmə ədaləti bərpa edib. 

Tərəflərdən biri Kamil İsmayılovun e-huquq.az-a verdiyi xəbərə görə, onunla valideyni arasında Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, C. Xəndan küçəsi, 12 A saylı evin mülkiyyət hüquqi üzrə mübahisə yaranıb.

Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2007-ci il tarixli qətnaməsinə əsasən evin alıcısı qismində İsmayılov Kamil Ənvər oğlunun tanınması və evin onun mülkiyyətinə verilməsi, həmin mənzil üzərində İsmayılova Gülbəniz Rəsul qızının və İsmayılov Ənvər Kamil oğlunun mülkiyyət hüquqlarına xitam verilməsi qərara alınıb.

Lakin həmin qətnamədən cavabdeh G. İsmayılova tərəfindən verilmiş apellyasiya şikayəti 11 il sonra 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Məhkəmə iclasında iddiaçı Kamil İsmayılov izahatında göstərib ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra anası, yəni cavabdeh Gülbəniz İsmayılova tərəfindən apellyasiya şikayətinin verilməsi qanunsuzdur. Halbuki, qətnamə çıxarılarkən anası və atası Ənvər İsmayılov qətnamə ilə razılaşıblar. Məhkəmə qətnamə qəbzinə imza edilməklə, K. İsmayılovun anası tərəfindən qəbul edilib. Amma bu barədə xəbərnamə, qəbz iş materiallarından çıxarılıb, mülki iş yenidən siyahıya alınıb və siyahıda həmin qətnamə göstərilməyib.

Məhkəmə hesab edib ki, şikayət geri qaytarılmalıdır. Çünki Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Eyni zamanda məhkəmə bu qənaətə gəlib ki, G. İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il tarixdə təkrarən alıb. Bu hal da apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. İş materiallarının qətnamənin alınmasına dair poçt xəbərnamələrinin sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118 nömrəli səhifə çıxarılıb.

Məhkəmə qərardadı çıxardıqdan sonra Gülbəniz İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərardadından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə iyulun 16-da baxılacaq.