Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

İnsanları yolda ölümə aparan səbəb - avtomobillərin təkərləri niyə partlayır? -ARAŞDIRMA

Azərbaycanın dövlət qurumları avtomobil sahiblərinin öz nəqliyyat vasitələrinin texniki vəziyyətinə biganə yanaşmalarından şikayət edirlər. Əslində, bir çox faktlar, o cümlədən avtomobillərin nasazlığına görə baş verən yol qəzaları bu narazılığın əsassız olmadığını göstərir. Mühərrikin xarab olmasına, akkumlyatorun dayanmasına və s. problemlərə görə tez-tez yolda qalan avtomobillər görmək olar. Baxmayaraq ki, qanunvericilik avtomobillərin vaxt-vaxtında texniki baxışdan keçirilməsini tələb edir. Bu müddət isə nəqliyyat vasitələrinin istehsal ilinə görə dəyişir. 

Yay aylarında isə avtomobillərlə bağlı başqa bir problem özünü daha qabarıq göstərir: Bu da hərəkətdə olan nəqliyyat vasitələrinin təkərinin tez-tez partlamasıdır. Bəs bunun səbəbi nədir? 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər mütləq nəqliyyat vasitəsinin sazlığına fikir verməlidirlər: "Onlar mövsümə uyğun təkərlərdən istifadə etməlidirlər. Təkərlərin qalınlığı mövsümün tələblərinə uyğun olmalıdır. Eyni zamanda mövsümdən, şəraitdən asılı olaraq, sürücü xoşagəlməz halların baş verməməsi düzgün sürət həddi seçməlidir".

"Sürücülər mütləq nəqliyyat vasitəsinin sazlığına fikir verməli və mövsümə uyğun təkərlərdən istifadə etməlidirlər".

Onun sözlərinə görə, sürücülərin təkərlərin partlamasını hava şəraiti ilə əlaqələndirməsi yanlışdır: "Mən özüm idarə etdiyim nəqliyyat vasitəsində mövsümi təkərlərin istifadəsinə üstünlük verirəm. Protektorların qalınlığına diqqət yetirirəm. Təkərlərin vaxtından əvvəl yeyilməməsi üçün avtomobili düzgün idarə etmək lazımdır. Bu proses təhlükəli manevrlərin, əyləc sistemindən tez-tez istifadə etməyin hesabına yaranır. Avtomotik ötürmə qurğusu olan avtomobillərdə istər-istəməz əyləcdən mütəmadi istifadə sürüşməyə səbəb olur. Asfaltla təkər arasındakı məsafədə sürtünmə yaranır. Bu da təkərin tez sıradan çıxmasına şərait yaradır". 

V.Əsədov vurğulayıb ki, “Yol hərəkəti haqqında” qanunun 35-ci madəsində sürücülərin konkret hüquq və vəzifələri təsbit olunub: "Bu vəzifələrdən də biri avtomobilin texniki sazlığının yoxlanılması və vaxtaşırı dioqnostika edilməsidir. Təkərlər qışda da partlaya bilər. Bu gün dünyada olan ən yüksək səviyyəli texniki göstəriciləri olan aparatlar Bakı-Zabrat yolunun birinci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisinin İdarəsinin Diaqnostika Mərkəzində yerləşir. Avtomobillər qanunvericiliyin tələbinə uyğun olaraq, texniki baxışdan keçərkən təkərlərin protektorları, əyləc sistemi, təzyiqi, ölçüsü, qalınlığı, işlək vəziyyətdə ətraf mühitə buraxdığı dəm qazı yoxlanılır. Bundan sonra sürücüyə avtomobilin yol hərəkətində istismara yararlı olub-olmaması barədə məlumat verilir. İldə bir dəfə avtomobil texniki baxışdan keçməlidir. Əks təqdirdə, elektron qərar qəbul edilir və sürücü cərimələnir".

"Təkərlərin partlamasının mövsümlə bağlılığı yoxdur".

Yol-nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, təkərlərin partlamasının mövsümlə bağlılığı yoxdur: “Əgər təkər partlayırsa, bu, təkərin keyfiyyətsizliyindən və sürücünün diqqətsizliyindən ola bilər. Təkərin materialının qış və yay olmasının fərqi yoxdur. Xüsusilə Azərbaycanda qışla yay temperaturu arasında Sibirdəki qədər fərq olmur. Sibirdə qışla yay temperaturu arasında 40 dərəcə fərq olursa, Azərbaycanda isə təxminən 25 dərəcədir. Təkər saz vəziyyətdə, normal keyfiyyətdə olarsa, texnoloji standartlara cavab verərsə, belə problemlər olmaz. Xüsusilə Bakı-Quba yolunda təkərlərin tez-tez partladığını qeyd edim. Bunun əsas səbəbi həmin magistralın beton yol olmasıdır. Betonun da sərt çıxıntıları var. Eyni zamanda çala-çuxurlar əmələ gəlib. Bıçaq kimi iti beton qırıqları var. Hətta içərisində armatur və başqa metal da ola bilər. Ona görə də avtomobillərin təkərləri daha tez partlayır”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, təkərin materialı rezin olduğundan yayda və qışda öz xüsusiyyətini dəyişir: “Təkərlərin partlamasını sırf yay fəsli ilə bağlamaq düzgün olmaz. Şinlərin öz istehsal və istehlak tarixləri var. Onların istifadə müddəti maksimum 5 il olur. Təəssüf ki, şinlərin böyük əksəriyyətinin vaxtı keçmiş olur. Sürücülər maşın bazarına, avtomobil ehtiyat hissələri satılan yerlərə müraciət edirlər. Bəzi satıcılar vaxtı keçmiş şinləri alıcılara satır. Alıcı da məlumatlı olmadığından təkəri alır və tezliklə sıradan çıxır. Şin alarkən onun istehsal vaxtına mütləq baxmaq lazımdır. Ümumilikdə, şinlər keyfiyyətinə görə bir neçə cür olur. Keyfiyyətli şinləri, əsasən, inkişaf etmiş ölkələr istehsal edirlər. Həmin şinlərin istifadəsi daha məqsədəuyğundur. Çünki onlar həm təhlükəsiz olur, həm də avtomobilin yer örtüyü ilə təması normal olur. Amma inkişaf etməyən ölkələrdə və ya Çində sexlərdə brend adı altında buraxılan saxta şinlərlər müxtəlif ölkələrə gedir. Eyni zamanda Azərbaycana da gəlir və alıcılar da brend marka olduğuna inanaraq alırlar. Ancaq sonradan şin şişir və bu da çox təhlükəlidir. Nəticə etibarilə nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət edən zaman təkər partlayır".

"Azərbaycanda qış sərt olmasa da, yay çox qızmar olur. Bu səbəbdən mütləq yay fəslində yay şinlərindən istifadə etmək və təkərin atmosferini də ona uyğun tənzimləmək lazımdır".

Onun sözlərinə görə, yay və qış mövsümünə uyğun olaraq təkərlərin öz atmosfer təzyiqi var: "Yəni ya çox boş, ya dolu olmamalıdır. Təəssüf ki, sürücülər buna diqqət yetirmirlər. Eyni zamanda yay və qış təkərləri ayrı olmalıdır. Çünki yayda hava isti, asfalt isə qaynar olur, qışda isə əksinə. Ona görə də qışda qış, yayda da yay təkərindən istifadə etmək lazımdır. İndi universal təkərlər istehal ediblər, amma bu da yayı qızmar, qışı isə kəkin şaxtalı olmayan ölkələrə aiddir. Azərbaycanda qış sərt olmasa da, yay çox qızmar olur. Bu səbəbdən mütləq yay fəslində yay şinlərindən istifadə etmək və təkərin atmosferini də ona uyğun tənzimləmək lazımdır". 

Mənbə: Report