Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Dövlət hesabına hüquqi yardım göstərmək istəyən vəkillərin NƏZƏRİNƏ

"Bu gün Rəyasət heyətinin iclasında  vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına hüquqi yardımın növbəlilik üzrə həyata keçirilməsinin vahidləşdirilməsi, o cümlədən, könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardım göstərmək niyyətində olan vəkillərin noyabr ayının 1-dək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə biləcəkləri barədə  çox önəmli bir qərar qəbul edilib".

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb. 

O bildirib ki, bu qərar Vəkillər Kollegiyasının iradəsini ifadə edir. A. Bağırov bu qərarın qəbul edilməsində məqsədi aşağıdakı kimi izah edib.

"1. Formal vəkilliyə son qoymaq;

2. Dövlət hesabına təyinatla hüquqi yardımın göstərilməsinə vəkilləri könüllülük prinsipi əsasında cəlb etmək;

3. Bu sahədə vətəndaşların haqlı narazılığına səbəb olan və vəkilliyi nüfuzdan salan neqativ halları aradan qaldırmaq;

4. Vətəndaş məmnunluğunu təmin etmək;

5. Dövlət hesabına hüquqi yardım göstərən vəkillərin  işini bir mərkəzdən təşkil etmək, bununla operativliyi təmin etmək;

6. Aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi işini təkmilləşdirmək, bu sahədə fəaliyyət göstərən vəkillərin peşə hazırlığını artırmaq;

7. Dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənişlər üzrə süründürməçilik və digər neqativ hallara son qoymaq.

Gələn ildən etibarən bu islahatın müsbət nəticəsi olacağı şübhəsizdir, xeyirlisi olsun", deyə, sədr qeyd edib.