Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Azərbaycan Həvəskarlar Futbol Federasiyası icarə haqqına görə məhkəməyə verilib

Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" (əvvəlki "İnter") futbol klubu "Azərbaycan Həvəskarlar Futbol Federasiyası" İctimai Birliyini (İB) məhkəməyə verib. 

E-huquq.az-ın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən futbol klubu 4 aylıq icarə haqqı olan ümumilikdə 13 830 manat pulun tutulmasına dair tələb irəli sürüb. 

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 

Məhkəmənin qərarına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.